Millimiz Şimali İrlandiya yığması ilə qarşılaşacaq

13:13   10 İyun 2017 92 baxış
Millimiz Şimali İrlandiya yığması ilə qarşılaşacaq

Bu gün futbol üzrə Azərbaycan milli komandası 2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv Şimali İrlandiya yığmasını qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç mundiala vəsiqə şansını saxlamaq baxımından böyük əhəmiyyət kəsb edir. C qrupunun lideri Almaniya yığmasının büdrəyəcəyi real olmadığından, digər kollektivlər üçün əsas hədəf 2-ci pilləni tutub, pley-off mərhələsinə vəsiqə əldə etməkdir.

Hazırda Şimali İrlandiya 10 xalla Bundestimin ən yaxın izləyicisi statusunu daşıyır. Lakin Bakıdakı dueldən sonra vəziyyət dəyişə bilər. Hesabında 7 xal olan Azərbaycan yığması qalib gələcəyi halda 2-cilik ehtimalını artıracaq.

Daha əvvəl DÇ-2006 və DÇ-2014-ün seçmə mərhələsində Azərbaycan millisinə rəqib olan Şimali İrlandiya yığması Bakıda qələbə üzü görməyib. 2004-cü il oktyabrın 9-da 0:0 hesablı heç-heçə qeydə alındığı halda, 2013-cü il oktyabrın 11-də “Bakcell Arena”da baş tutan matçda Berti Foqtsun rəhbərlik etdiyi yığma britaniyalıları 2 cavabsız qolla üstələyib.

Lakin səfər qarşılaşmaları ilə bağlı statistika rəqibin lehinədir. Əvvəlki iki tsikldə ümumilkdə 4 xal qazanan (2:0, 1:1) Şimali İrlandiya cari seçmə mərhələdə Belfastda 4:0 hesablı qələbəyə sevinib.

Azərbaycan yığması ilə oyun ərəfəsində Yeni Zelandiyanı yoldaşlıq görüşündə 1:0 hesabı ilə üstələyən britaniyalılar Bakıdakı iqlimə uyğunlaşmaq üçün iyunun 3-dən etibarən Türkiyədə 4 günlük hazırlıq keçib. Robert Prosineçkinin rəhbərlik etdiyi kollektiv isə paytaxtda və Avstriyada olmaqla, 20 günlük təlim-məşq toplanışında olub.

2018-ci il dünya çempionatının seçmə mərhələsi

VI tur, C qrupu

10 iyun

20:00. Azərbaycan – Şimali İrlandiya

Hakimlər: Xavyer Estrada Fernandes, Migel Martines Munuera, Teodoro Sobrino Maqan, Alexandro Xose Ernandes (hakimlər briqadası İspaniyadandır)

Hakim-inspektor: Giorgios Bikas (Yunanıstan)

FİFA nümayəndəsi: Jan-Pol Mievis (Belçika)

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

Xal durumu: Almaniya – 15; Şimali İrlandiya – 10, Çexiya – 8, Azərbaycan – 7, Norveç – 3, San Marino – 0.

Mənbə: report.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.