“Samsung Galaxy Note 8” smartfonunun ilk fotoşəkilləri yayıldı

09:40   11 Aprel 2017 132 baxış
“Samsung Galaxy Note 8” smartfonunun ilk fotoşəkilləri yayıldı

İnternetdə sentyabrda “iPhone 8” ilə birlikdə satışa çıxarılacaq “Samsung Galaxy Note 8” smartfonunun ilk fotoşəkilləri yayılıb. Şəkillərdə xarici görünüşünə görə “Galaxy S8+” modelinə bənzəyən smartfonu görmək mümkündür. “Home” düyməsi ilə təchiz edilməyən qurğunun ekranı bütün ön səthi əhatə edir. Displey yan tərəflərə əyilib, ekran panelinin üstündə və altında yerləşən çərçivələrin ölçüsü daha da kiçildilib. Smartfonun yanında “S-Pen” elektron qələmi (stilus) yer alıb.

Martda internetdə eskiz və xüsusiyyətləri dərc olunan “Samsung Galaxy Note 8”in “4K” təsvir ölçülü çərçivəsiz 6,4 düymlü ekran, yuxarı və aşağı hissədə iki səsgücləndirici ilə təchiz ediləcəyi bildirilib. Qurğunun aşağı tərəfində iki “USB-C” çıxışı, qulaqcıq üçün 3,5 millimetrlik çıxış, eləcə də “S-Pen” qələmi üçün slot quraşdırılıb. Aparatın yuxarı hissəsində SİM kart və yaddaş kartı üçün çıxışın quraşdırılması gözlənilir.

Qeyd edək ki, “Samsung” şirkəti öz-özünə alovlanmasına görə satışdan çıxarılan “Galaxy Note 7” smartfonlarının satışının bərpası ilə bağlı qərar qəbul edib. Bərpa olunan qurğu orijinal modeldə quraşdırılan 3500 milliamper/saat tutumlu batareya əvəzinə 3200 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Mənbə: azertag.az

Şərh yaz

comments

Şərh üçün bağlıdır.